
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxı qəbul edib.
Qanuntv.az xəbər verir ki, görüş zamanı Anaklaudia Rossbax Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı görülən işlərin onda dərin təəssürat yaratdığını bildirib. O, Azərbaycanın tədbirin təşkili istiqamətində tətbiq etdiyi innovativ yanaşmaları yüksək qiymətləndirib və forumun uğurla keçiriləcəyinə əminliyini ifadə edib.
UN-Habitat icraçı direktoru COP29-un Azərbaycanda yüksək səviyyədə təşkil olunduğunu xatırladaraq, WUF13-ün də BMT sistemində ən böyük tədbirlərdən biri olduğunu qeyd edib. O, COP və WUF arasında yaradılan əlaqənin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Anaklaudia Rossbax Azərbaycanın BMT-nin Məskunlaşma Proqramına verdiyi könüllü maliyyə töhfələrini də yüksək qiymətləndirib, həmçinin ölkədə keçirilən Milli Şəhərsalma forumlarını müsbət təcrübə kimi dəyərləndirib.
Prezident İlham Əliyev Azərbaycanın WUF13-ə tam hazır olduğunu bildirib, Bakı Olimpiya Stadionu ərazisində aparılan hazırlıq işləri ilə yerində tanış olduğunu qeyd edib və tədbirin yüksək səviyyədə təşkil olunacağına ümidvar olduğunu deyib.
Dövlət başçısı Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi təcrübənin, eləcə də işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin digər ölkələr üçün də nümunə təşkil etdiyini bildirib.
Görüşdə Azərbaycan ilə UN-Habitat arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. Sonda WUF13-ün təcrübəsinə əsaslanan gələcək forumların təşkili üzrə Niyyət Məktubu imzalanıb.













