
Səhhətindəki ciddi problemlərə baxmayaraq, 9-cu sinif şagirdi yüksək nəticə göstərərək imtahanda 252 bal toplayıb.
Yevlax şəhərində dünyaya göz açan Nəcibə Əlizadə sağlamlıq vəziyyətinə görə məktəbə mütəmadi şəkildə gedə bilməsə də, təhsilini evdə fərdi qaydada davam etdirib.
Serebral iflic diaqnozu ilə həyatının ilk 9 ayından mübarizə aparan Nəcibə yalnız 2-ci sinifdə bir neçə gün atasının köməyi ilə məktəb dərslərində iştirak edə bilib. Daha sonra keçirdiyi ağır əməliyyatlar onun ənənəvi təhsilini davam etdirməsinə imkan verməyib.
Buna baxmayaraq, 15 yaşlı yeniyetmə təhsilə olan marağını itirməyib və valideynlərinin dəstəyi ilə dərslərinə davam edib. Atası Ramil Əliyev qızının indiyədək 14 dəfə əməliyyat keçirdiyini bildirib.
Hazırda hərəkət etməsində əsas dəstəkçiləri valideynləri olan Nəcibə Əlizadə bütün çətinliklərə baxmayaraq, yüksək nəticə göstərərək diqqət çəkib.
Onun arzusu isə 11-ci sinifdə maksimum nəticə əldə edərək ali məktəbə qəbul olunmaqdır.





