
Azərbaycanda tullantıların idarə olunması sahəsində yeni dövlət qurumu yaradılıb. Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi fəaliyyət göstərəcək.
Yeni Agentlik ölkə üzrə tullantıların yığılması, daşınması, çeşidlənməsi, emalı və utilizasiyası istiqamətində vahid dövlət siyasətini həyata keçirəcək. Qurumun əsas məqsədi ətraf mühitin qorunması, ekoloji çirklənmənin azaldılması və tullantı idarəçiliyində müasir mexanizmlərin tətbiqidir.
Fərmana əsasən, Agentlik həmçinin tullantıların idarə olunmasına dövlət nəzarətini həyata keçirəcək, bu sahədə koordinasiya funksiyasını təmin edəcək və yeni layihələrin icrasına cavabdeh olacaq.
Məlumata görə, yaxın aylarda qurumun strukturu, əsasnaməsi və fəaliyyət istiqamətləri tam şəkildə müəyyənləşdiriləcək. Nazirlər Kabinetinə bununla bağlı müvafiq tapşırıqlar verilib.
Ekspertlərin fikrincə, yeni Agentliyin yaradılması Azərbaycanda illərdir müzakirə olunan tullantı probleminin daha sistemli şəkildə həllinə şərait yarada bilər. Xüsusilə məişət tullantılarının çeşidlənməsi və təkrar emal sisteminin genişləndirilməsi əsas prioritetlərdən olacaq.
Qanuntv.az





