
“Qarabağ” klubu İsveçin “Yurqorden” klubunun futbolçusu Zakaria Savonu transfer edə bilər.
Qanuntv.az xəbər verir ki, bu barədə Oxu.Az “Sportime.sigmalive” nəşrinə istinadən məlumat yayıb.
Məlumata görə, hazırda Kiprin “AEL Limassol” klubunda icarə əsasında çıxış edən hücumçu Zakaria Savonun mövsümün sonunda karyerasını Azərbaycanda davam etdirməsi ehtimal olunur.
Futbolçu Kiprdəki çıxışı ilə diqqət çəkib və son aylarda göstərdiyi performansdan sonra “Qarabağ” klubunun maraq dairəsinə düşüb. Bildirilir ki, Ağdam təmsilçisi artıq “Yurqorden” klubuna rəsmi təklif göndərib və danışıqların son mərhələsi aparılır.
Qeyd edək ki, Zakaria Savo ötən il “Aris Limassol”dan “Yurqorden”ə transfer olunub. Lakin İsveç klubunda əsas heyətdə möhkəmlənə bilməyib və 18 oyunda 1 qol vurub.
O, daha sonra icarə əsasında “AEL Limassol”a keçib və burada keçirdiyi 4,5 ay ərzində 9 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Hazırda həm “AEL Limassol”, həm də “Qarabağ” futbolçunun transferi üçün danışıqları davam etdirir və yaxın günlərdə yekun qərarın verilməsi gözlənilir.





