
Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Məktumun qardaşı oğlu Şeyx Səid bin Məktum bin Rəşid Əl-Məktumun keçmiş həyat yoldaşı, azərbaycanlı keçmiş gimnast Zeynəb Cavadlı və üç qızının Dubay polisi tərəfindən aparıldığı iddia edilir.
QanunTV.az xəbər verir ki, bu barədə Zeynəb Cavadlının vəkili, britaniyalı hüquqşünas Devid Heyq məlumat verib.
Vəkilin sözlərinə görə, müvəkkili və onun üç qızı ilə əlaqə tamamilə kəsilib. Heyq bildirib ki, Z.Cavadlı ilə sonuncu dəfə bir gün əvvəl danışıb, bundan sonra isə onunla əlaqə saxlamaq mümkün olmayıb.
İddialara əsasən, Dubay polisi və təhlükəsizlik qüvvələri gecə saatlarında Cavadlının yaşadığı ünvana gələrək onu və üç qızını naməlum istiqamətə aparıblar.
Məlumata görə, Zeynəb Cavadlının anası da qızına dəstək olmaq məqsədilə Dubaya gedib. Lakin o, evin bağlı olduğunu gördüyünü və ölkədən çıxışına icazə verilmədiyini bildirib.
Hadisənin uzun müddətdir davam edən qəyyumluq mübahisəsi fonunda baş verdiyi qeyd olunur. İki ay əvvəl Dubay məhkəməsi Zeynəb Cavadlının üç qızını ataları Şeyx Səidə təhvil verməsi barədə qərar qəbul edib. Qərarda zərurət yaranacağı halda qərarın məcburi qaydada icra edilə biləcəyi də vurğulanıb.
Zeynəb Cavadlı daha əvvəl yaydığı videomüraciətdə uşaqlarının əlindən alınacağından narahat olduğunu bildirmiş, evinə basqın edilə və övladlarının zorla aparıla biləcəyi barədə xəbərdarlıq aldığını iddia etmişdi.
Devid Heyq bildirib ki, məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatına təcili müraciət edilib və beynəlxalq hüquqi prosedurlar başladılıb.
Qeyd edək ki, Dubay polisi və Şeyx Səidin hüquqi nümayəndələri tərəfindən iddialarla bağlı hələlik rəsmi açıqlama verilməyib.





