
Abşeron rayonu, Masazır kəndində yol hərəkəti qaydalarını pozan şəxslər müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlər görülür.
Qanuntv.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, ərazidə keçirilən nəzarət-profilaktik tədbirlər zamanı müxtəlif qayda pozuntularına yol verən 45 motosiklet sürücüsü saxlanılıb.
Bildirilib ki, hazırda reydlər davam etdirilir. Polis əməkdaşları yol hərəkəti təhlükəsizliyinin təmin olunması, xüsusilə motosiklet və digər ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarət məqsədilə mütəmadi tədbirlər həyata keçirirlər.
Keçirilən tədbirlər zamanı sürücülərlə maarifləndirici söhbətlər aparılır, valideynlərə azyaşlılara nəzarəti gücləndirmək, bütün hərəkət iştirakçılarına isə yol hərəkəti qaydalarına ciddi riayət etmək tövsiyə olunur.
Qeyd edək ki, iyunun 19-da Masazır kəndi ərazisində 19 yaşlı Fuad Babaşovun idarə etdiyi motosikletlə yola çıxan azyaşlı vurulub. Hadisə nəticəsində uşaq aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən dünyasını dəyişib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.





