
Gürcüstanda Gəlirlər Xidmətinin Gömrük Departamentinin "Qırmızı Körpü" gömrük-keçid məntəqəsinin növbə rəisi külli miqdarda rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.
Qanuntv.az xəbər verir ki, bu barədə Aktual.ge məlumat yayıb.
Məlumata görə, təqsirləndirilən şəxs xidməti vəzifəsini yerinə yetirərkən bir vətəndaşa 200 min ABŞ dollarını məcburi bəyan etmədən Gürcüstan ərazisinə keçirməsinə kömək edəcəyini vəd edib. Bunun müqabilində dövlət məmuru hər belə hal üçün 8 min ABŞ dolları məbləğində rüşvət tələb edib.
Bildirilib ki, İstintaq Xidmətinin əməkdaşları şübhəli şəxsi əvvəlcədən tələb etdiyi məbləğin bir hissəsi olan 4 min ABŞ dollarını aldığı zaman saxlayıblar.
Qurumun açıqlamasına əsasən, məhkəmə qərarı ilə həyata keçirilən gizli istintaq tədbirləri nəticəsində cinayət əməlini təsdiqləyən audio və video sübutlar əldə olunub.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin ikinci hissəsinin "b" bəndi ilə istintaq aparılır. Həmin maddəyə əsasən, təqsirləndirilən şəxsi 7 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.





