
Bakının Sabunçu rayonunda baş verən və iki nəfərin ölümü ilə nəticələnən ailə faciəsinin yeni təfərrüatları məlum olub.
Qanuntv.az xəbər verir ki, hadisə iyulun 9-na keçən gecə Ramana qəsəbəsində qeydə alınıb. İlkin məlumata əsasən, 1985-ci il təvəllüdlü Coşqun Nurəddin oğlu Bağırov yaşadığı evdə həyat yoldaşı Nübar Bağırovanı qətlə yetirib, daha sonra isə intihar edib.
Əldə olunan məlumata görə, ailədə uzun müddətdir ciddi problemlər yaşanırmış. Bildirilir ki, Nübar Bağırova həyat yoldaşından ayrılmaq istəyib. Coşqun Bağırov həbsdə olduğu müddətdə Nübar iki övladını dolandırmaq üçün işləməyə başlayıb. Coşqun cəzaçəkmə müəssisəsindən azad edildikdən sonra ailəsini bərpa etməyə çalışsa da, Nübar buna razılıq verməyib.
Məlumata əsasən, Coşqun yaşadıqları mənzili satdıqdan sonra Nübar bir müddət kirayədə qalıb, daha sonra isə anasına məxsus yarımçıq tikili evə köçərək qardaşının köməyi ilə həmin evi təmir edib və övladları ilə birlikdə orada yaşayıb.
Bildirilib ki, sonradan Nübarın anasının təkidi ilə ər-arvad yenidən bir araya gəlib. Bundan sonra qadının anası Rusiyaya köçüb və ailə təxminən iki il eyni evdə yaşayıb. Lakin onların arasında tez-tez mübahisələr baş verirmiş.
İlkin məlumatlara görə, hadisədən bir gün əvvəl Coşqun Bağırov iki azyaşlı övladını qohumlarının evinə aparıb. Gecə saatlarında isə evdə yalnız ər-arvad olub. Məhz həmin vaxt qadın qətlə yetirilib, daha sonra isə kişi öz həyatına son qoyub.
Qeyd olunur ki, Coşqun Bağırov təxminən 15 gün əvvəl həbsdən azadlığa buraxılmışdı. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma davam etdirilir.





