
Xəzər dənizinin Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən nəzarətsiz çimərlik ərazisində baş vermiş faciənin təfərrüatları məlum olub.
Qanuntv.az xəbər verir ki, hadisə nəticəsində Salyan rayonunun Həsənli kənd sakinləri – 36 yaşlı Aris Əlihəsənov və onun qardaşı oğlu, 2011-ci il təvəllüdlü Həsən Asif oğlu Əlihəsənov dənizdə boğularaq həyatlarını itiriblər.
Mərhumların yaxın qohumu bildirib ki, acı xəbər ailəyə telefon zəngi ilə çatdırılıb.
Onun sözlərinə görə, Aris Əlihəsənov qardaşıoğlu ilə birlikdə dənizdə boğulub və bu xəbər ailəni dərindən sarsıdıb.
«"Zəng gəldi ki, Aris qardaşıoğlu ilə birlikdə dənizdə boğulub. Çox sarsıldıq, çox çətindir. Bu ailəni hamı tanıyırdı, çox gözəl ailə idi", – deyə mərhumun qohumu bildirib.»
Hadisədən dərhal sonra aidiyyəti qurumlar tərəfindən axtarış-xilasetmə əməliyyatına başlanılıb. Aparılan tədbirlər nəticəsində hər iki şəxsin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Əldə olunan məlumata görə, 15 yaşlı Həsən Asif oğlu Əlihəsənovun cəsədi sonradan vətəndaşlar tərəfindən suyun üzərində aşkarlanıb.
Qeyd edək ki, faciə ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 15 kilometr uzaqlıqda yerləşən nəzarətsiz çimərlik ərazisində baş verib. Mütəxəssislər vətəndaşları yalnız nəzarət olunan çimərliklərdən istifadə etməyə və təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırlar.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.





