
Metronun “Əhmədli” stansiyasının üçüncü çıxışının qarşısında küçə ticarəti ilə məşğul olan şəxslərin səkiləri zəbt etməsi sakinlərin və ərazidən istifadə edən piyadaların narazılığına səbəb olub.
Qanuntv.az xəbər verir ki, satışa çıxarılan müxtəlif məhsulların səkilərdə yerləşdirilməsi nəticəsində piyadaların hərəkət imkanları məhdudlaşıb və ərazidə gediş-gəliş çətinləşib.
Qeyd olunur ki, küçə ticarətinin həyata keçirilməsi müəyyən olunmuş qaydalar çərçivəsində mümkün olsa da, bu fəaliyyət piyadaların hərəkətinə maneə yaratmamalı, bunun üçün nəzərdə tutulmuş xüsusi ərazilərdə və müvafiq icazə əsasında həyata keçirilməlidir.
Məsələ ilə bağlı Baku TV-nin çəkilişindən sonra Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ərazidə qanunsuz küçə ticarətinin qarşısı alınıb.
Nəticədə səkilər ticarət obyektlərindən azad edilib və piyadaların ərazidə rahat şəkildə hərəkəti təmin olunub.
Sakinlər bu kimi halların qarşısının alınmasının ərazidə həm piyadaların təhlükəsizliyi, həm də şəhər mühitinin nizamlı saxlanılması baxımından vacib olduğunu bildiriblər.





