
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində Qarabağ Universitetinin Biznes və İqtisadiyyat Fakültəsinin yeni inşa olunmuş binasının açılışında iştirak edib.
Prezidentə binada yaradılmış şərait barədə məlumat verilib. Bildirilib ki, fakültə müasir akademik mühitin formalaşdırılması istiqamətində inkişaf edən əsas struktur bölmələrdən biridir. Fakültədə 20 professor-müəllim, inzibati və texniki heyət üzvü fəaliyyət göstərir. Burada bakalavriat səviyyəsində 505 tələbə 7 ixtisas üzrə – iqtisadiyyat, maliyyə, mühasibat uçotu, menecment, dövlət və bələdiyyə idarəetməsi, beynəlxalq ticarət və logistika, turizm işinin təşkili – təhsil alır.
Yeni tədris binasında 40 auditoriya, kompüter laboratoriyaları, kitabxana, oxu və akt zalları, iclas, inzibati və professor-müəllim otaqları mövcuddur. Binanın layihələndirilməsi və tikintisində dayanıqlı inkişaf, inklüzivlik və resurslardan səmərəli istifadə prinsipləri nəzərə alınıb. Bina tədris, tədqiqat və inzibati fəaliyyətin daha səmərəli həyata keçirilməsinə imkan verən geniş və müasir infrastruktura malikdir.
Yaradılmış şərait fakültənin elmi-pedaqoji potensialının gücləndirilməsinə, tələbələrin bilik və bacarıqlarının inkişafına, əmək bazarının sürətlə dəyişən tələblərinə uyğun yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına və elmi-tədqiqat fəaliyyətlərinin genişləndirilməsinə şərait yaradacaq.
Biznes və İqtisadiyyat Fakültəsinin yeni binasının istifadəyə verilməsi universitetdə müasir kampusun formalaşdırılması istiqamətində mühüm addımlardan biri olmaqla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda yüksək səviyyəli ali təhsil ekosisteminin qurulmasına əhəmiyyətli töhfədir.
Qeyd edək ki, Prezident İlham Əliyev 2024-2025-ci illər ərzində Qarabağ Universitetində görülən işlərlə tanış olub, universitetin, tələbə yataqxanasının, klinika binasının və Tibb və Sağlamlıq Elmləri Fakültəsinin tədris korpusunun açılış mərasimlərində iştirak edib. Hazırda universitetdə 34 ixtisas üzrə 7 fakültədə 2154 tələbə təhsil alır.







