
Ağdaş rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı acı xəbər gəlib. Qəza zamanı müxtəlif dərəcəli xəsarətlər alan şəxslərdən daha biri xəstəxanada vəfat edib.
QanunTV.az xəbər verir ki, həyatını itirən şəxs qəzada hadisə yerində ölən Elgün Həsənovun böyük qardaşı, 41 yaşlı Ramil Həsənovdur.
Xatırladaq ki, hadisə ötən gün gecə saatlarında Ağdaş rayonu ərazisində baş verib. Əlirza Lətifovun idarə etdiyi VAZ-2106 markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.
Qəza nəticəsində avtomobildə olan sərnişin, 37 yaşlı Elgün Həsənov hadisə yerində həyatını itirib. Ağır xəsarətlər alan qardaşı Ramil Həsənov isə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Beləliklə, sözügedən yol-nəqliyyat hadisəsində həyatını itirənlərin sayı iki nəfərə çatıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.





