
Qanuntv.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qarabağ regional bölməsinin müfəttişləri və Daxili İşlər Nazirliyinin Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən tədbir zamanı istehlaka yararsız ət məhsulu aşkarlanıb.
Məlumata görə, Füzuli rayonu ərazisində yerləşən Alxanlı postunda Yavər Tapdıq oğlu Qurbanova məxsus 10-FS-804 dövlət qeydiyyat nişanlı QAZ-3102 markalı avtomobilə baxış keçirilib. Yoxlama zamanı avtomobilin yük hissəsində ümumi çəkisi 120 kiloqram olan iribuynuzlu heyvan əti aşkar edilib.
Müəyyən olunub ki, ətdən kəskin qoxu gəlir, rəngi tündləşib, məhsul antisanitar şəraitdə və müvafiq temperatur rejiminə əməl olunmadan daşınıb. Həmçinin ətin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi müəyyən edilib.
Vətəndaş izahatında bildirib ki, ət ona məxsusdur. Onun sözlərinə görə, iribuynuzlu heyvan tələf olub və heyvan Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi ərazisində kəsilərək Beyləqan rayonuna aparılmaq istənilib.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb. Aşkarlanan ətlər soyuducu anbarda saxlanca yerləşdirilib, laborator müayinələr üçün nümunələr götürülüb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.





