
Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında təhlükəli vəziyyətdə qalan vətəndaş Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən xilas edilib.
Qanuntv.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumata görə, hadisə Xırdalan şəhərinin Mehdi Hüseynzadə küçəsində yerləşən onikimərtəbəli yaşayış binasında baş verib. Hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, 1999-cu il təvəllüdlü L.Məmmədova səkkizinci mərtəbədə paltar asarkən yıxılıb və beşinci mərtəbənin eyvanında dəmir barmaqlıqlardan asılı vəziyyətdə qalıb. Onun hər an yıxılmaq təhlükəsi olduğu bildirilib.
Xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə edərək eyvanın dəmir barmaqlıqlarını kəsib və vətəndaşı təhlükəsiz şəkildə xilas ediblər.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.





