
Lənkəran rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Qanuntv.az xəbər verir ki, qəza köhnə Ələt-Astara magistral yolunun Lənkəran rayonunun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, rayonun Zövlə kənd sakini, 1962-ci il təvəllüdlü Elşad Kişi oğlu Salayevin idarə etdiyi VAZ-2106 markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Hadisə nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
İlkin ehtimallara görə, sürücünün sükan arxasında səhhətində problem yaranıb, ürəktutması keçirməsi nəticəsində avtomobil idarəetmədən çıxaraq qəzaya uğrayıb.
Qeyd olunur ki, ölümün dəqiq səbəbi məhkəmə-tibbi ekspertizasının rəyindən sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.





