
Azərbaycan futbol ictimaiyyətinə ağır itki üz verib. Sumqayıt idman tarixində xüsusi xidmətləri ilə seçilən, SSRİ idman ustası, Əməkdar məşqçi, "Tərəqqi" medalı laureatı Telman Həsən oğlu Salahov 89 yaşında dünyasını dəyişib.
1937-ci il fevralın 1-də Gəncə şəhərində anadan olan Telman Salahov zəngin idman fəaliyyəti və peşəkar fəaliyyəti ilə ölkə futbolunun inkişafında mühüm iz qoymuş şəxsiyyətlərdən biri kimi yadda qalıb. O, Gəncə İnşaat Texnikumunu və Azərbaycan Bədən Tərbiyəsi İnstitutunu bitirib.
1957-ci ildən etibarən həyatını Sumqayıt şəhəri ilə bağlayan Telman Salahov şəhərin "İnşaatçı" futbol komandasının kapitanı kimi çıxış edib, Sumqayıt futbol məktəbinin formalaşmasında və inkişafında əvəzsiz xidmətlər göstərib. Uzun illər futbolçu və məşqçi kimi fəaliyyət göstərərək Azərbaycan futboluna dəyərli töhfələr verib.
Telman Salahovun zəngin təcrübəsi və idmana bağlılığı sonrakı illərdə də davam edib. O, 2013-cü ildən etibarən "Sumqayıt" Futbol Klubunun Müşahidə Şurasının üzvü kimi fəaliyyət göstərib, ölkə futbolunun inkişafına öz töhfəsini verməyə davam edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il tarixli Sərəncamı ilə Telman Salahov "Tərəqqi" medalı ilə təltif olunub.
Azərbaycan idman ictimaiyyəti Telman Salahovu peşəkarlığı, zəhmətkeşliyi və futbola olan sonsuz sevgisi ilə xatırlayacaq. Onun adı Sumqayıt futbolunun tarixində daim ehtiramla anılacaq.
Qanuntv.az kollektivi mərhumun ailəsinə, yaxınlarına və Azərbaycan idman ictimaiyyətinə dərin hüznlə başsağlığı verir, Telman Salahova Allahdan rəhmət diləyir.





