
"Qatar Airways" aviaşirkətinə məxsus Doha–Tbilisi marşrutu üzrə hərəkət edən QTR253 nömrəli sərnişin reysi əlverişsiz meteoroloji şərait səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Qanuntv.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" (AZAL) QSC məlumat yayıb.
Məlumata görə, hava gəmisinin komandiri təyinat məntəqəsi olan Tbilisi şəhərində müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən ehtiyat hava limanına eniş etmək qərarı verib.
"Airbus A320" tipli təyyarə yerli vaxtla saat 20:23-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib. Hava gəmisinə beynəlxalq aviasiya qaydalarına və müəyyən edilmiş prosedurlara uyğun şəkildə xidmət göstərilib.
Bildirilib ki, Tbilisidə hava şəraiti normallaşdıqdan sonra təyyarə uçuşunu planlaşdırılan istiqamət üzrə davam etdirəcək.
Qeyd edək ki, aviasiya təhlükəsizliyi baxımından əlverişsiz hava şəraitində ehtiyat hava limanlarından istifadə beynəlxalq uçuş təcrübəsində geniş tətbiq olunan mühüm prosedurlardan hesab olunur.





