Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Bu barədə FHN məlumat yayıb
Nazirliyin qüvvələrinin operativ müdaxiləsi sayəsində onyeddimərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.
***
Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın səbəbilə 12 nəfərə tüstüdən zəhərlənmə diaqnozu ilə yerində tibbi yardım göstərilib.
Bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə oktyabrın 31-də saat 16:20-də Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın səbəbilə çağırış daxil olub. Çağırış ünvanına dörd təcili tibbi yardım briqadası cəlb olunub.
İlkin məlumata görə, təcili tibbi yardım briqadası tərəfindən 12 nəfərə tüstüdən zəhərlənmə diaqnozu ilə yerində tibbi yardım göstərilib.
İki nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunub", - deyə cavabda qeyd olunub.