
Dövlət Sərhəd Xidmətində hərbi xidmət keçən əsgər Hüseyn Əsədov vəfat edib.
Məlumata görə, cəmi 20 gün əvvəl hərbi xidmətə çağırılan əsgər artıq Binə qəbiristanlığında torpağa tapşırılıb.
İddialara əsasən, Hüseyn Əsədov hərbi xidmət zamanı xəstəliyə tutulub. Lakin onun ölüm səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov açıqlama verib.
Bildirilib ki, fakt üzrə cinayət işi başlanıb və hazırda istintaq tədbirləri davam etdirilir. İstintaqın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcəyi qeyd olunub.
Hadisə sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. İctimaiyyət əsgərin ölüm səbəbinin tam və şəffaf şəkildə araşdırılmasını tələb edir.






