
Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına 17 may 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının (II cəhd) yekun nəticələrini açıqlayıb.
Qanuntv.az xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki, imtahanın qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə nəticələri daha əvvəl – mayın 20-də elan olunub. Hazırda isə xarici dil fənləri üzrə esse tapşırıqlarının nəticələri də daxil olmaqla, iştirakçıların yekun imtahan balları təqdim edilib.
Qeyd olunub ki, bakalavrlar imtahan üzrə ümumilikdə 100 bal toplaya bilərlər. Bunun 95 balı qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlara, 5 balı isə esse yazılarına görə hesablanır.
İştirakçılar yekun nəticələri DİM-in rəsmi resursları vasitəsilə öyrənə, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) üzərindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə məlumat əldə edə bilərlər.
Müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılacaqlar. İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” əsasında həyata keçiriləcək.
DİM-dən verilən məlumata görə, imtahan nəticələri ilə bağlı apellyasiya müraciətlərinə baxılması üçün proses 19 iyun 2026-cı il tarixindən etibarən telefon əlaqəsi vasitəsilə təşkil olunacaq.
Apellyasiya komissiyasına müraciət etmək istəyən şəxslər 17 iyun saat 10:00-dan 18 iyun saat 17:00-dək DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni dolduraraq qeydiyyatdan keçməlidirlər.
Bildirilib ki, yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlər nəzərdən keçiriləcək. Cavab kartlarında təlimata uyğun olmayan işarələmələr və optik qurğu tərəfindən yanlış oxuna biləcək düzəlişlər isə apellyasiya zamanı nəzərə alınmayacaq.





