
Martın 12-də təxminən saat 14:00 radələrində İraqın qərb bölgəsində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “KC-135” tipli yanacaq dolduran hərbi təyyarə qəzaya uğrayıb.
Qanuntv.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, hadisə “Epik qəzəb” əməliyyatı çərçivəsində həyata keçirilən uçuş zamanı, “dost hava məkanı”nda baş verib. Qəza zamanı təyyarədə altı nəfər ekipaj üzvü olub.
İlkin məlumatlara görə, ekipaj üzvlərindən dördünün öldüyü təsdiqlənib. Daha sonra yayılan məlumatlarda isə təyyarədə olan altı ekipaj üzvünün hamısının həlak olduğu bildirilib. Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Məlumata əsasən, insidentdə iki təyyarə iştirak edib. Onlardan biri qəzaya uğrayıb, digər təyyarə isə təhlükəsiz şəkildə eniş etməyə nail olub.
ABŞ Mərkəzi Komandanlığı vurğulayıb ki, qəza nə düşmən hücumu, nə də dost atəşi nəticəsində baş verib. Hadisənin dəqiq səbəblərinin müəyyən edilməsi üçün araşdırma aparılır.
Bildirilib ki, həlak olan hərbi qulluqçuların kimliyi yaxın qohumlarına məlumat verildikdən və 24 saatlıq müddət tamamlandıqdan sonra açıqlanacaq.





