
Tərtər rayonunda fərdi yaşayış evində baş verən yanğın iki nəfərin ölümü ilə nəticələnib.
Qanuntv.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Nərimanov küçəsində yerləşən fərdi yaşayış evində qeydə alınıb.
Əldə olunan məlumata görə, rayon sakini, 1941-ci il təvəllüdlü Əsgər Səmədova məxsus evin mətbəxində baş verən elektrik qısaqapanması nəticəsində yanğın başlayıb. Alovun yayılması zamanı mətbəxdə quraşdırılmış qaz balonunun qızaraq partladığı bildirilir.
Yanğın nəticəsində ev sahibi Əsgər Səmədov və onun həyat yoldaşı, 1954-cü il təvəllüdlü Adilə Hüseynova həyatlarını itiriblər.
Yanğın söndürüldükdən sonra ər-arvadın yanmış meyitləri evin yataq otağında aşkar edilib.
Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub, yanğının söndürülməsi və əraziyə baxış keçirilməsi təmin edilib.
Faktla bağlı araşdırma aparılır. Yanğının dəqiq başvermə səbəbi və hadisənin bütün təfərrüatları araşdırma başa çatdıqdan sonra məlum olacaq.





