
Rusiyanın Kamçatka vilayətində 20 il əvvəl törədilmiş oğurluq cinayətində şübhəli bilinən şəxs uzun illərdən sonra saxlanılıb.
Qanuntv.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, hadisə 2006-cı ildə baş verib. İstintaqın müəyyən etdiyi faktlara əsasən, 59 yaşlı kişi bir qrup şəxslə birlikdə dəniz limanında körpüyə yan alan gəmiyə daxil olub. Onlar anbar moduluna aparan qapının şüşəsini çıxararaq ümumi dəyəri 550 min rubldan artıq olan balıqçılıq avadanlıqlarını oğurlayıblar.
Bildirilir ki, oğurlanan avadanlıqlar əvvəlcədən icarəyə götürülmüş avtomobillə başqa yerə daşınıb və sonradan satılıb.
İstintaq materiallarına əsasən, cinayətdən sonra şübhəli şəxs hüquq-mühafizə orqanlarından yayınaraq Azərbaycana gəlib və uzun müddət Bakıda gizlənib. Bu səbəbdən o, beynəlxalq axtarışa verilib. Onun cinayət ortaqları isə daha əvvəl məhkəmə qarşısına çıxarılaraq müvafiq cəzalarını alıblar.
20 ildən sonra həmin şəxs Moskva hava limanlarından birində saxlanılıb.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin "Oğurluq" maddəsi ilə cinayət işi üzrə istintaq tamamlanıb və toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.





