

İsmayıllı rayonunda baş verən zəncirvari yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin sağlamlıq vəziyyəti ilə bağlı yeni məlumat açıqlanıb.
Qanuntv.az xəbər verir ki, TƏBİB-in məlumatına əsasən, hadisə ilə əlaqədar avqustun 1-i saat 12:00 radələrində üç nəfər İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bildirilib ki, bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu qoyulan hər üç şəxsə zəruri tibbi yardım göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən iki nəfər ambulator müalicə üçün evə buraxılıb.
1990-cı il təvəllüdlü bir şəxsə isə dəqiqləşdirilməmiş kəllə-beyin travması və döş qəfəsinin əzilməsi diaqnozları təyin edilib. Hazırda onun müalicəsi İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsində davam etdirilir. Həkimlər yaralının vəziyyətini orta ağır qiymətləndirirlər.
Qeyd edək ki, qəza avqustun 1-də saat 11:30 radələrində Muğanlı–İsmayıllı avtomobil yolunun rayon ərazisindən keçən hissəsində baş verib. Hadisə zamanı VAZ-2107, "Mercedes" markalı yük avtomobili və "Volkswagen" markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində VAZ-2107-nin sürücüsü, 36 yaşlı Ramiz İsgəndərov xəsarət alıb. "Volkswagen" markalı avtomobildə olan iki sərnişinə ilkin tibbi yardım göstərilərək ambulator müalicəyə buraxılıb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.





