
Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycan Prezidenti və Qırğızıstan Prezidenti in iştirakı ilə Azərbaycan–Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilib.
Qanuntv.az xəbər verir ki, iclasda çıxış edən Prezident Sadır Japarov Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin tarixi dostluq, qardaşlıq və qarşılıqlı etimad prinsiplərinə əsaslandığını bildirib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın mühüm inkişaf yolu keçdiyini, beynəlxalq mövqeyini möhkəmləndirdiyini və regionda sülhün təmin olunmasına töhfə verdiyini vurğulayıb.
Qırğızıstan Prezidenti iki ölkə arasında nəqliyyat, energetika, investisiya, təhlükəsizlik və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib. O, iclasın yekununda imzalanacaq Müttəfiqlik Münasibətləri haqqında Müqavilənin əlaqələrin inkişafında yeni mərhələ yaradacağını bildirib.
Prezident İlham Əliyev isə çıxışında göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib və Qırğızıstanın son illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətləri yüksək qiymətləndirib.
Dövlət başçısı Qarabağın bərpasına göstərilən dəstəyə görə Qırğızıstan rəhbərliyinə minnətdarlığını bildirərək, Ağdamda inşa edilən və "Manas" adını daşıyan məktəbin qardaşlığın rəmzi olduğunu vurğulayıb.
Prezident İlham Əliyev həmçinin Qırğızıstan–Azərbaycan İnvestisiya Fondunun uğurla fəaliyyət göstərdiyini, fondun maliyyə imkanlarının artırılması barədə qərar qəbul edildiyini və yeni layihələrin həyata keçiriləcəyini diqqətə çatdırıb.
Dövlət başçısı Azərbaycanın İssık-Kul bölgəsində turizm infrastrukturunun inkişafına dəstək verdiyini, səfər çərçivəsində "Bakı" adlı beşulduzlu hotelin açılışında iştirak edəcəyini bildirib.
İclas zamanı tərəflər iki ölkə arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar və münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsinin əhəmiyyətini vurğulayıblar.











