
Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva iyulun 31-də Qırğızıstanın Çolpon-Ata şəhərində yerləşən "Altın-Balalık" Sağlamlıq və Reabilitasiya Mərkəzi ilə tanış olub.
Səfər çərçivəsində Mehriban Əliyevanı Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova və Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva müşayiət ediblər.
Məlumat verilib ki, "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi 2022-ci ilin may ayından fəaliyyət göstərir. Müəssisənin əsas məqsədi uşaqlara yüksəkkeyfiyyətli tibbi-reabilitasiya xidmətlərinin göstərilməsi və onların sağlam istirahətinin təşkil olunmasıdır.
Mərkəzdə ümumilikdə 136 otaq və 800 çarpayılıq yer mövcuddur. Hər il yay mövsümündə Qırğızıstanın müxtəlif bölgələrindən, eləcə də qonşu ölkələrdən 8-8,5 min uşaq burada təşkil olunan yay düşərgəsində istirahət edir.
Bundan əlavə, hər ilin sentyabr ayından növbəti ilin iyun ayınadək mərkəzdə əlilliyi olan uşaqlar üçün reabilitasiya xidmətləri göstərilir və onların müalicə-bərpa prosesinə dəstək təmin olunur.
Qeyd edək ki, bu cür sosial yönümlü müəssisələrlə tanışlıq humanitar əməkdaşlığın genişləndirilməsi, uşaq sağlamlığının qorunması və reabilitasiya sahəsində təcrübə mübadiləsinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.













