
Bakıda keçirilən U17 dünya güləş çempionatında Azərbaycanın sərbəst güləşçisi Hüseyn Rzazadə bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.
48 kiloqram çəki dərəcəsində mübarizə aparan Hüseyn Rzazadə təsəlliverici görüşdə İran təmsilçisi Amirali İbrahim Fazla ilə üz-üzə gəlib.
Gərgin keçən qarşılaşmada Azərbaycan güləşçisi rəqibini 9:6 hesabı ilə məğlub edərək üçüncü yer uğrunda həlledici görüşə yüksəlib.
Xatırladaq ki, Hüseyn Rzazadə çempionatın 1/8 final mərhələsində Hindistan idmançısı Aaryan Aaryana 5:6 hesabı ilə məğlub olmuşdu. Rəqibinin finala yüksəlməsi nəticəsində isə təmsilçimiz təsəlliverici görüşlərdə mübarizə aparmaq hüququ qazanmışdı.
Qeyd edək ki, U17 dünya çempionatı Bakıda, Milli Gimnastika Arenasında keçirilir və yarışa avqustun 2-də yekun vurulacaq.





