
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun 28-də Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edib.
Qanuntv.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, mərasim zamanı Azərbaycan və Özbəkistan arasında münasibətlərin son illərdə müttəfiqlik və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb. Qeyd edilib ki, iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi 40 faiz artıb, birgə müəssisələrin sayı 450-yə çatıb, yükdaşımalarının həcmi isə iki dəfə çoxalıb.
Həmçinin yaxın perspektivdə Azərbaycan və Özbəkistanın birgə investisiya portfelinin 10 milyard dollara çatdırılması hədəfinin qüvvədə olduğu bildirilib.
Mərasimdə qarşıdan gələn yüksəksəviyyəli görüşlərin Azərbaycan-Özbəkistan əməkdaşlığının daha da inkişafına mühüm töhfə verəcəyi xüsusi vurğulanıb.






