
Müəllimlərin sertifikasiya imtahanlarının bəzi nəticələri ilə bağlı edilən apellyasiya müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.
Qanuntv.az xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.
Bildirilib ki, iyunun 17-25-də dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması üzrə test imtahanı mərhələsi keçirilib. Ölkə üzrə 35 imtahan mərkəzində təşkil olunan imtahanlarda 22 mindən çox müəllim iştirak edib, davamiyyət isə 96 faiz təşkil edib.
Apellyasiya müraciətlərinin araşdırılması zamanı ekspertlər test tapşırıqlarını yenidən təhlil edib və onların məzmununda çərçivə sənədləri ilə uyğunsuzluq aşkarlamayıblar. Bununla yanaşı, bəzi test suallarında qiymətləndirməyə təsir edən texniki xarakterli problemlər müəyyən edilib.
Belə ki, tarix, riyaziyyat, texnologiya və fiziki tərbiyə fənləri üzrə ümumilikdə bir neçə test tapşırığında texniki uyğunsuzluq qeydə alınıb. Həmin suallarla bağlı bal düzəlişləri müəllimlərin xeyrinə hesablanıb.
Yenilənmiş nəticələr artıq portal.edu.az platformasında müəllimlərin şəxsi kabinetlərinə yerləşdirilib. Təhsilverənlər "Sertifikatlaşdırma" bölməsinə daxil olaraq apellyasiya nəticələri ilə tanış ola bilərlər.





