
Bakıda keçirilən güləş üzrə U17 dünya çempionatının ikinci yarış gününə start verilir.
Qanuntv.az xəbər verir ki, bu gün Azərbaycanın beş yunan-Roma güləşçisi finala vəsiqə uğrunda mübarizəyə qoşulacaq. Eyni zamanda, ilk medal qarşılaşmaları da keçiriləcək.
80 kq çəki dərəcəsində mübarizə aparan İsfahan Həsənov qızıl medal uğrunda final görüşünə çıxacaq. O, həlledici qarşılaşmada İran təmsilçisi Alireza Hassan Rezai ilə üz-üzə gələcək.
Bundan başqa, Orxan Həbibli (65 kq) və Ömər Salmanov (48 kq) bürünc medal uğrunda döşək üzərinə çıxacaqlar. Onların rəqibləri gün ərzində müəyyənləşəcək.
Təsnifat mərhələsi üzrə Azərbaycan güləşçilərinin görüşləri:
45 kq
- Əli Cavadlı – Ognyan Burqazov (Bolqarıstan)
51 kq
- Abdulrəhman Hüseynli – Kuanışbek Jangajol (Qazaxıstan)
60 kq
- Elmir Çərkəzov – Nurali Asker (Qazaxıstan)
71 kq
- Nadir Həsənov – Mehdi Azizboev (Tacikistan)
92 kq
- Zöhrab Səfərov – Hlib Yevsieyev
Qeyd edək ki, dünya çempionatı Bakıda yerləşən Milli Gimnastika Arenasında keçirilir. Yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.
Dünya çempionatına avqustun 2-də yekun vurulacaq.





