
Böyük Britaniyada baş verən dəhşətli hadisə ölkədə geniş ictimai rezonans doğurub. Bir kişi dünyasını dəyişən anasının meyitini təxminən üç il ərzində evindəki dondurucuda saxlayaraq onun adına ödənilən təqaüd və sosial müavinətləri almağa davam edib.
Qanuntv.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Məlumata görə, 60 yaşlı Kristofer Fillips 2023-cü ildə vəfat edən 89 yaşlı anası Silviya Fillipsin meyitini Portkol şəhərində yerləşən evinin qonaq otağındakı dondurucuda gizlədib.
Məhkəmədə ifadə verən Fillips anasını "əldən vermək istəmədiyini" deyib. Onun sözlərinə görə, vaxtaşırı dondurucunu açaraq anasının əlindən tutur, bunun ona təsəlli verdiyini düşünürdü.
İstintaq zamanı müəyyən edilib ki, o, anasının ölümünü dövlət qurumlarından gizlədərək üç ilə yaxın müddətdə onun adına təqaüd, sosial müavinətlər və digər ödənişləri almaqda davam edib. Bu yolla qanunsuz əldə olunan vəsaitin ümumi məbləği 78 min funt sterlinqdən çox, yəni təxminən 178 min 360 manat təşkil edib.
Məlumata əsasən, Silviya Fillipsin meyiti yalnız 2026-cı ilin fevral ayında aşkarlanıb. Həkimlər dəfələrlə qadınla əlaqə saxlamağa çalışsalar da, oğlu onun Londona köçdüyünü və tibbi müayinədən keçmək istəmədiyini bildirərək yoxlamaların qarşısını alıb.
Şübhələr artdıqdan sonra tibb işçiləri hüquq-mühafizə orqanlarına məlumat veriblər. Polis əməkdaşlarının evdə apardıqları axtarış zamanı qadının meyiti qonaq otağındakı dondurucuda aşkar edilib.
Kristofer Fillips meyitin qanunvericiliyə uyğun qaydada dəfn edilməməsi, sosial müavinət dələduzluğu və digər ittihamlar üzrə təqsirini tam etiraf edib. Məhkəmənin qərarı ilə o, iki il dörd ay müddətinə azadlıqdan məhrum olunub.
Hadisə Böyük Britaniyada son illərin ən sarsıdıcı cinayət hadisələrindən biri kimi qiymətləndirilir və cəmiyyətdə ciddi müzakirələrə səbəb olub.





