
Bakı Qızlar Universitetinin təhsil fəaliyyətinin dayandırılması ilə əlaqədar universitetdə təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi prosesinə başlanılıb.
Qanuntv.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, universitetin fəaliyyətinin dayandırılması nəzərə alınaraq, 2026/2027-ci tədris ili üzrə Bakı Qızlar Universitetinə bakalavriat və magistratura səviyyələri üzrə tələbə qəbulu aparılmayacaq.
Hazırda universitetdə 1 568 tələbə təhsil alır. Onlardan 1 513 nəfər bakalavriat, 55 nəfər isə magistratura səviyyəsində təhsilini davam etdirir. Tələbələrin qəbul balları, ixtisasları, təhsil forması, dili və digər meyarlar nəzərə alınmaqla Bakıda fəaliyyət göstərən digər özəl ali təhsil müəssisələrinə köçürülməsi təmin ediləcək.
Nazirlik bildirib ki, akademik məzuniyyətdə olan, təhsilini müvəqqəti dayandırmış və müxtəlif səbəblərlə universitetdən xaric edilmiş şəxslərin məlumatları da dəqiqləşdiriləcək, onların təhsil hüquqlarının qanunvericiliyə uyğun şəkildə təmin olunması istiqamətində tədbirlər görüləcək.
Qeyd olunub ki, Bakı Qızlar Universitetinin indiyədək verdiyi diplom və digər təhsil sənədləri hüquqi qüvvəsini saxlayır. Cari tədris ilinin məzunlarına isə diplomlar qanunvericiliyə uyğun qaydada təqdim ediləcək.
Elm və Təhsil Nazirliyi həmçinin universitetdə çalışan əməkdaşların digər ali təhsil müəssisələrində mövcud vakant yerlərə müraciət edə biləcəyini, bu istiqamətdə müvafiq ali məktəblərə tövsiyələrin veriləcəyini də açıqlayıb.
Nazirlik vurğulayıb ki, tələbələrin təhsilinin fasiləsiz davam etdirilməsi üçün görülən tədbirlər barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək.





