
Azərbaycanda ambulator şəraitdə resept əsasında təyin olunan dərman vasitələrinin icbari tibbi sığorta hesabına qarşılanması istiqamətində hazırlıq işləri davam edir. Yeni sistemin tətbiqi vətəndaşların dərman xərclərinin azaldılması və müalicəyə əlçatanlığın artırılması məqsədi daşıyır.
Realmedia.info xəbər verir ki, Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin məlumatına görə, ambulator dərman təminatı sisteminin tətbiqi genişmiqyaslı institusional və texniki hazırlıq tələb etdiyindən, mexanizm yalnız bütün zəruri mərhələlər tamamlandıqdan sonra qüvvəyə minəcək.
Hazırda normativ-hüquqi bazanın təkmilləşdirilməsi, maliyyə mexanizmlərinin hazırlanması, elektron resept sisteminin inkişaf etdirilməsi, dövlət informasiya sistemləri ilə inteqrasiya, eləcə də kompensasiya ediləcək dərmanların siyahısının formalaşdırılması istiqamətində işlər aparılır.
Məlumata əsasən, tətbiq mərhələli şəkildə həyata keçiriləcək. İlk mərhələdə ürək-damar sistemi xəstəliklərinin, ikinci mərhələdə həzm sistemi, üçüncü mərhələdə isə tənəffüs sistemi xəstəliklərinin müalicəsində istifadə olunan dərman vasitələrinin icbari tibbi sığorta hesabına verilməsi nəzərdə tutulur.
Prioritet olaraq arterial hipertenziya, bronxial astma, mədə və onikibarmaq bağırsaq xorası kimi geniş yayılmış xroniki xəstəliklərin müalicəsində istifadə edilən, klinik effektivliyi sübut olunmuş dərman preparatlarının sistemə daxil edilməsi planlaşdırılır.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva bildirib ki, islahatın uğurlu tətbiqi elektron resept sisteminin tam şəkildə qurulması ilə sıx bağlıdır. Onun sözlərinə görə, bu yenilik həm dərman dövriyyəsində şəffaflığı artıracaq, həm də vətəndaşların müalicəyə çıxışını asanlaşdıracaq.
Deputat qeyd edib ki, hazırda əlilliyi olan şəxslər, orqan transplantasiyası keçirmiş xəstələr, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, hemofiliya, vərəm, dağınıq skleroz və digər ağır xəstəliklərdən əziyyət çəkən şəxslər dövlət proqramları çərçivəsində dərman preparatları ilə təmin olunurlar.
Mütəxəssislər hesab edirlər ki, yeni sistem tam tətbiq olunduqdan sonra vətəndaşların dərman xərcləri azalacaq, xroniki xəstəliklərin müalicəsində fasilələrin qarşısı alınacaq və səhiyyə xidmətlərinin keyfiyyəti daha da yüksələcək. Tətbiqin dəqiq tarixi isə bütün hazırlıq işləri başa çatdıqdan sonra aidiyyəti dövlət qurumları tərəfindən açıqlanacaq.





