
Qara dənizdə Türkiyəyə məxsus "Ro-Ro" tipli "Nadezhda" gəmisinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib.
Qanuntv.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, insident bir neçə gün əvvəl baş verib.
Yayılan görüntülərdə PUA-nın gəmiyə çırpıldığı an və göyərtədə olan azərbaycanlı ekipaj üzvlərindən bir neçəsinin müxtəlif dərəcəli xəsarətlər aldığı əks olunub.
Məlumata əsasən, hücum zamanı gəmidə ümumilikdə 22 ekipaj üzvü olub. Onlardan 13 nəfəri Türkiyə vətəndaşıdır. İlkin məlumata görə, zərbə nəticəsində gəminin yaşayış bölməsi və burun hissəsinə ciddi ziyan dəyib.
Hadisədən sonra ekipaj üzvləri Rusiya Hərbi Dəniz Qüvvələri tərəfindən təhlükəsiz şəkildə Novorossiysk limanına təxliyə ediliblər.
Hadisənin başvermə şəraiti və hücumun təfərrüatları ilə bağlı araşdırmalar davam etdirilir.
Qeyd: Hücum nəticəsində xəsarət alan azərbaycanlıların sayı və sağlamlıq vəziyyəti barədə hələlik rəsmi açıqlama verilməyib.





