
Bakının Nizami rayonunda yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilmiş soyğunçuluq hadisəsinin üstü polis əməkdaşları tərəfindən qısa müddətdə açılıb.
Əldə olunan məlumata görə, naməlum şəxs yeniyetmənin əlində olan, bazar dəyəri 1 750 manat təşkil edən "iPhone 16" markalı mobil telefonu soyğunçuluq yolu ilə ələ keçirərək hadisə yerindən uzaqlaşıb.
Daxil olmuş məlumat əsasında Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Görülən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 18 yaşlı İbrahim Əbilov müəyyən edilərək saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, şübhəli şəxs ələ keçirdiyi mobil telefonu Bakıda metronun "20 Yanvar" stansiyasının yaxınlığında satıb.
Faktla bağlı cinayət işi üzrə araşdırmalar davam etdirilir. Hüquq-mühafizə orqanları hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq və əməliyyat tədbirlərini davam etdirirlər.





