
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Hava Yolları" (AZAL) və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (ASCO) Qapalı Səhmdar Cəmiyyətlərinin fəaliyyətinin təşkili ilə bağlı mühüm dəyişiklikləri nəzərdə tutan fərman imzalayıb.
Fərmana əsasən, hər iki qurum üzrə indiyədək Azərbaycan İnvestisiya Holdinqinə məxsus olan səlahiyyətlər Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON) verilib.
Yeni dəyişikliklərə əsasən, AZCON Holdinq Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, qanunvericiliklə Ümumi Yığıncağa aid edilmiş bir sıra səlahiyyətləri həyata keçirəcək, həmçinin strateji idarəetmə, maliyyə planlaşdırılması və digər mühüm məsələlər üzrə qərarların qəbulunda əsas rol oynayacaq.
Fərmanla AZAL-da idarəetmə mexanizmi də yenilənib. Belə ki, cəmiyyətin fəaliyyətinə ümumi nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 7 nəfərdən ibarət Müşahidə Şurası yaradılır. Bundan əlavə, cari idarəetmə 7 üzvdən – sədr və onun 6 müavinindən ibarət İdarə Heyəti tərəfindən həyata keçiriləcək.
Eyni dəyişikliklər "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə də şamil olunub. Beləliklə, ASCO üzrə də Azərbaycan İnvestisiya Holdinqinin səlahiyyətləri AZCON Holdinqə ötürülüb.
Qeyd edək ki, qəbul edilən dəyişikliklərin məqsədi dövlətə məxsus nəqliyyat müəssisələrinin idarəetmə sisteminin təkmilləşdirilməsi, korporativ idarəetmənin gücləndirilməsi və fəaliyyətin daha səmərəli təşkil edilməsidir.





