
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo Kiyev"ə qarşı keçiriləcək ilk oyun öncəsi fikirlərini bölüşüb.
Qanuntv.az xəbər verir ki, təcrübəli mütəxəssis rəqibin güclü komanda olduğunu və maraqlı qarşılaşma gözlədiyini bildirib.
"Oyuna istədiyimiz kimi hazırlaşmışıq. Yaxşı nəticə əldə edəcəyimizə inanırıq. Rəqib də oyuna yaxşı hazırlaşıb. Hətta liqadakı iki oyununu təxirə salıb. Yenə də inanıram ki, nəticədən asılı olmayaraq, maraqlı oyun olacaq", – deyə Qurbanov vurğulayıb.
Baş məşqçi heyətdə müəyyən dəyişikliklərin ola biləcəyini də istisna etməyib.
"Heyətimizdə dəyişikliklər olacaq. Ola bilər ki, zədəli Zakaria Savonun əvəzində hücumun mərkəzində Renaldo Sefas çıxış etsin. Amma hələ tam qəti qərar verməmişəm", – deyə o əlavə edib.
Qeyd edək ki, "Dinamo Kiyev" – "Qarabağ" oyunu avqustun 6-da Polşanın Lublin şəhərində yerləşən "Arena Lublin" stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Cavab görüşü isə avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.





