
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davam edir.
Qanuntv.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Müdafiə Nazirliyinin rəhbər heyəti Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin istifadəsinə verilən yeni hərbi infrastruktur obyektlərinə baxış keçirib.
Məlumata görə, respublikanın müxtəlif bölgələrində istifadəyə verilən 20-yə yaxın yeni hərbi obyektdə şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin təşkili üçün bütün zəruri şərait yaradılıb.
Qeyd olunub ki, obyektlərdə yeməkxana, mətbəx, tibb məntəqəsi, yataqxana, silah otağı, məişət otağı, hamam-sanitar qovşağı, qazanxana, su təchizatı kompleksi, həmçinin fasiləsiz elektrik enerjisi təminatı üçün generatorlar quraşdırılıb. Binalar kommunal xidmət sistemləri, rabitə xətləri və yanğın əleyhinə siqnalizasiya ilə də təchiz edilib.
Bundan əlavə, yeni infrastruktur müasir avadanlıqlar, mebel və digər zəruri inventarlarla təmin olunub.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Hava Döyüş Komandanlığına ölkənin hava məkanının etibarlı müdafiəsinin təmin olunması, arsenala yeni qəbul edilmiş silah və hərbi texnikanın taktiki-texniki xüsusiyyətlərinin dərindən öyrənilməsi və onların döyüş şəraitində səmərəli tətbiqi ilə bağlı müvafiq tapşırıqlar verib.













