
İran Xarici İşlər Nazirliyi başçısının müavini Kazem Qəribabadi Hörmüz boğazında xarici hərbi iştirakla bağlı sərt açıqlama verib.
Qanuntv.az xəbər verir ki, bu barədə İranın Al Alam telekanalı məlumat yayıb.
Qəribabadinin sözlərinə görə, Fransa, Böyük Britaniya və ya digər ölkələrin ABŞ-yə dəstək məqsədilə bölgədə hərbi mövcudluq nümayiş etdirməsi Tehranın ciddi reaksiyası ilə qarşılanacaq.
“Fransa, Böyük Britaniya və ya hər hansı başqa ölkənin ABŞ-nin fəaliyyətinə dəstək məqsədilə bölgədə hərbi iştirak nümayiş etdirməsi dərhal və qəti cavabla qarşılanacaq”, - deyə iranlı diplomat bildirib.
O, həmçinin Paris və Londona çağırış edərək bölgədə vəziyyətin daha da gərginləşdirilməməsinin vacibliyini vurğulayıb.
Məlumata görə, son günlər Yaxın Şərqdə artan gərginlik fonunda Hörmüz boğazı ətrafında hərbi aktivliyin yüksəlməsi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.





