
31 May – Beynəlxalq Təyyarə Bələdçiləri Günü münasibətilə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) təyyarə bələdçilərindən ibarət heyəti Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın məzarını ziyarət edib.
Qanuntv.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Bildirilib ki, ziyarət Hökumə Əliyevanın ailə üzvlərinin iştirakı ilə İkinci Fəxri xiyabanda baş tutub. Ziyarətçilər Milli Qəhrəmanın əziz xatirəsini dərin ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüb, onun şücaətli həyat yolunu hörmətlə anıblar.
AZAL heyəti həmçinin Milli Qəhrəman pilotlar İqor Kşnyakin və Aleksandr Kalyaninovun da xatirəsini ehtiramla yad edib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, Hökumə Əliyeva Bakı–Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin qəzaya uğraması zamanı xidməti vəzifələrini yerinə yetirərkən göstərdiyi yüksək peşəkarlıq və fədakarlığa, sərnişinlərin həyatının xilas edilməsindəki xidmətlərinə görə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.








