
Tacikistanda qarışıq döyüş sənəti (MMA) üzrə dünya çempionu olan 15 yaşlı Məhəmmədəli Sadulloyev faciəvi şəkildə həyatını itirib.
Qanuntv.az-ın məlumatına görə, hadisə ölkənin Kulyab şəhərində baş verib. Bildirilir ki, yeniyetmələr arasında yaranan mübahisə sonradan kütləvi davaya çevrilib. Dava zamanı Məhəmmədəli Sadulloyev ağır xəsarətlər alıb və hadisə yerində dünyasını dəyişib.
İlkin araşdırmalara əsasən, qarşıdurmada bıçaqdan istifadə edildiyi ehtimal olunur. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb, bir neçə nəfər saxlanılıb. Araşdırmalar davam edir.
Qeyd edək ki, Məhəmmədəli Sadulloyev gənc yaşına baxmayaraq, MMA üzrə dünya çempionu adını qazanmış, Tacikistan idman ictimaiyyətində böyük ümidlər vəd edən idmançılardan biri olub. Onun ölümü ölkədə və idman camiəsində dərin hüznlə qarşılanıb.





