
İranda baş verən etiraz aksiyaları fonunda Təbrizdə vəziyyət kəskin gərginləşib və şəhərdə faktiki olaraq hərbi vəziyyət tətbiq olunub.
“Qanuntv.az” xəbər verir ki, bu barədə “Iran International” portalı yerli sakinlərə istinadən məlumat yayıb.
Sakinlərin sözlərinə görə, təhlükəsizlik qüvvələri tərəfindən şəhərdə qeyri-rəsmi komendant saatı tətbiq olunub. Vətəndaşlara axşam saat 20:00-dan sonra küçəyə çıxmamaq barədə xəbərdarlıq edilib.
“Təbrizin tarixi Böyük Bazarı və iri ticarət mərkəzləri fəaliyyətini tamamilə dayandırıb. Şəhərdə ciddi ərzaq qıtlığı yaranıb, bəzi məhəllə mağazaları günün müəyyən saatlarında açıq olsa da, ət, toyuq və düyü kimi məhsulları tapmaq demək olar ki, qeyri-mümkündür. Şəhərin təkcə mərkəzi küçələrində deyil, ən ucqar məhəllələrində də çox sayda hərbi texnika və silahlı təhlükəsizlik əməkdaşları yerləşdirilib”, – deyə adının açıqlanmasını istəməyən sakin bildirir.
Qeyd olunur ki, bu vəziyyət İranda dekabrın sonundan başlayan və iqtisadi böhranla bağlı alovlanan kütləvi etiraz aksiyaları fonunda baş verir. İran hakimiyyəti isə hələlik Təbrizdəki hərbi mövcudluq və tətbiq edilən məhdudiyyətlərlə bağlı rəsmi açıqlama verməyib.





