
Zərdab rayonunda 5 günlük körpə vəfat edib.
Qasımov Alparslan Nurlan oğlunun ölümü ilə bağlı məlumatı körpənin babası Tahir Qasımov verib. Onun sözlərinə görə, azyaşlının ölümünə səbəb həkim səhlənkarlığı olub.
Baba iddia edir ki, körpədə sarılıq əlamətləri müşahidə edildikdən sonra o, Zərdab Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin orada uşağa səhv diaqnoz qoyulduğunu və nəticədə vəziyyətinin ağırlaşdığını bildirib.
“Uşaqda sarılıq əlamətləri var idi. Zərdab Rayon Mərkəzi Xəstəxanasına apardıq, lakin orada ona səhv diaqnoz qoyuldu. Nəticədə səhhəti ağırlaşdı. Onu Bakıda xəstəxanaya çatdırsaq da, həkimlərin bütün səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmadı”, – deyə Tahir Qasımov qeyd edib.
Məlumata görə, bu, ananın ilk hamiləliyi olub.
Faktla bağlı aidiyyəti quruma sorğu ünvanlanıb. Mövzu ilə bağlı rəsmi açıqlama verildiyi təqdirdə məlumat yenilənəcək.





