
Hadisə Ordu vilayətinin Ünye rayonunda yerləşən sahil zolağında qeydə alınıb. Vətəndaşlar tərəfindən aşkarlanan şübhəli obyekt barədə dərhal 112 Təcili Çağrı Mərkəzinə məlumat verilib. Bundan sonra əraziyə polis, jandarm və sahil mühafizə qüvvələri cəlb olunub.
Hadisə yerində təhlükəsizlik tədbirləri gücləndirilib və əraziyə giriş məhdudlaşdırılıb. Aparılan ilkin araşdırmalar zamanı obyektin pilotsuz uçuş aparatı (PUA) olduğu müəyyən edilib. Daha sonra Türkiyə Hərbi Dəniz Qüvvələrinə bağlı xüsusi sualtı müdafiə (SAS) qrupları tərəfindən cihaz üzərində texniki ekspertiza aparılıb.
Mütəxəssislərin rəyinə görə, tapılan aparatın partlayıcı təhlükə yaratmadığı müəyyən edilib və o, kriminal araşdırma üçün ərazidən götürülüb.
Digər mənbələrdə isə bildirilir ki, aparılan əlavə analizlər nəticəsində bu qurğunun İran istehsalı olan kamikadze tipli pilotsuz uçuş aparatı olduğu ehtimal edilir.
Faktla bağlı araşdırmalar davam etdirilir və aparatın bölgəyə necə gəlib çıxması, hansı məqsədlə istifadə olunması araşdırılır.





