
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də İordaniya Haşimilər Krallığının baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadini qəbul edib.
Görüş zamanı Əymən Əs-Safadi İordaniya Kralı II Abdullah ibn Al Hüseynin salamlarını və dövlət başçısını İordaniyaya rəsmi səfərə dəvətini Prezident İlham Əliyevə çatdırıb. O, Kral II Abdullahın Azərbaycan Prezidenti ilə şəxsi münasibətlərə xüsusi önəm verdiyini vurğulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə görə minnətdarlığını ifadə edib, salamlarını İordaniya Kralına çatdırmağı xahiş edib və öz növbəsində Kral II Abdullah ibn Al Hüseyni Azərbaycana rəsmi səfərə dəvət edib.
Dövlət başçısı Kral II Abdullah ilə Azərbaycanda, İordaniyada və müxtəlif beynəlxalq tədbirlər çərçivəsində keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq, ölkələr arasında münasibətlərin uğurla inkişaf etdiyini qeyd edib.
Görüşdə vurğulanıb ki, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər və müntəzəm təmaslar Azərbaycan ilə İordaniya arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə mühüm töhfə verir.
Tərəflər siyasi, iqtisadi, energetika, nəqliyyat-logistika, investisiyalar, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu bildiriblər. Həmçinin regional məsələlər, gələcək yüksəksəviyyəli təmaslar, hökumətlərarası komissiyanın fəaliyyətinin genişləndirilməsi və parlamentlərarası əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı turizm sahəsində əməkdaşlıq da müzakirə olunub. Bu çərçivədə Azərbaycan ilə İordaniya arasında birbaşa müntəzəm aviareyslərin açılması məsələsinə xüsusi diqqət yetirilib.










