
ABŞ Prezidenti Donald Trampın Azadlığa Dəstək Aktına 907-ci düzəlişin Azərbaycana münasibətdə tətbiqini növbəti dəfə dayandırması Bakı-Vaşinqton münasibətlərində müsbət dinamikanın göstəricisi kimi qiymətləndirilir.
Bu qərar yalnız ikitərəfli əlaqələr baxımından deyil, ABŞ-nin Cənubi Qafqaz siyasətində Azərbaycanla bağlı yanaşmasının dəyişməsi baxımından da diqqət çəkir. Xüsusilə təhlükəsizlik, enerji, nəqliyyat və regional sabitlik məsələlərində Azərbaycanın artan rolu Vaşinqtonun qəbul etdiyi qərarlarda öz əksini tapır.
Məsələ ilə bağlı açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh sazişini paraflaması 907-ci düzəlişlə bağlı yeni imkanlar yaradıb.
Ekspertin sözlərinə görə, düzəlişin tətbiqinin dayandırılması müsbət addım olsa da, bu, onun tam ləğvi anlamına gəlmir.
“907-ci düzəliş Azərbaycan-ABŞ münasibətlərinə mənfi təsir göstərən əsas amillərdən biridir. Tətbiqin dayandırılması tam ləğv demək deyil. Biz istəyirik ki, 907-ci düzəliş tamamilə ləğv edilsin. Ümid edirəm ki, yaxın bir-iki il ərzində buna nail olmaq mümkün olacaq. Ən azı, ABŞ Prezidenti Donald Trampın administrasiyası dövründə bu sənədin tam ləğvi real görünür və bunun üçün çalışmalıyıq”, – deyə Ü.Cəfərov qeyd edib.
Onun fikrincə, 907-ci düzəlişin tamamilə aradan qaldırılması ABŞ ilə Azərbaycan arasında müdafiə, təhlükəsizlik, iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlığın genişlənməsinə imkan verə bilər.
Ekspert vurğulayıb ki, Azərbaycan uzun illər bu imkanlardan müəyyən dərəcədə məhrum olub və mövcud məhdudiyyətlərin aradan qaldırılması hər iki tərəfin maraqlarına uyğun ola bilər.
Siyasi şərhçi Rəşad Bayramov isə bildirib ki, 1992-ci ildə ABŞ-nin Azadlığa Dəstək Aktına əlavə edilən 907-ci düzəliş uzun illər Azərbaycan-ABŞ münasibətlərində əsas problemli məsələlərdən biri olub.
Onun sözlərinə görə, Azərbaycana birbaşa ABŞ yardımının göstərilməsini məhdudlaşdıran düzəlişin aradan qaldırılması istiqamətində rəsmi Bakı uzun müddət diplomatik səylər göstərib.
R.Bayramov hesab edir ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən Azərbaycan-ABŞ görüşü 907-ci düzəlişlə bağlı mühüm dönüş nöqtələrindən biri olub.
Siyasi şərhçi qeyd edib ki, ABŞ Prezidentinin düzəlişin tətbiqini dayandırması mühüm siyasi mesaj olsa da, bu addım onun hüquqi baxımdan tam ləğvi demək deyil. 907-ci düzəlişin qanunvericilikdən tam çıxarılması üçün ABŞ Konqresinin qərarı tələb olunur.
“Burada əsas məsələ tətbiqin dayandırılması ilə tam ləğv arasındakı fərqdir. ABŞ Prezidenti öz səlahiyyətlərindən istifadə edərək məhdudiyyətin təsirini dayandırdı, lakin 907-ci düzəlişin qanunvericilikdən tam çıxarılması Konqresin qərarını tələb edir”, – deyə R.Bayramov bildirib.
Onun sözlərinə görə, düzəlişin tam ləğvi baş verərsə, bu, yalnız hüquqi dəyişiklik olmayacaq, həm də Vaşinqtonun Cənubi Qafqazda formalaşan yeni reallıqları qəbul etməsinin siyasi ifadəsinə çevriləcək.
Bu halda Azərbaycanla ABŞ arasında enerji, nəqliyyat, təhlükəsizlik, müdafiə və regional kommunikasiyalar sahələrində əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni imkanların yaranacağı gözlənilir.
R.Bayramov əlavə edib ki, 907-ci düzəlişin tətbiqinin dayandırılması keçmişdən qalan problemin müvəqqəti neytrallaşdırılması, onun tam ləğvi isə Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin hüquqi-siyasi təsdiqi kimi qiymətləndirilə bilər.
Beləliklə, qarşıdakı dövrdə əsas diqqət 907-ci düzəlişin tətbiqinin növbəti dəfə dayandırılmasından daha çox onun ABŞ qanunvericiliyindən tamamilə çıxarılması istiqamətində atılacaq addımlara yönələcək.





