
Heyvan kəsimi məntəqələrində qida təhlükəsizliyi və baytarlıq nəzarəti ilə bağlı monitorinqlər keçirilib.
Qanuntv.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
AQTA-nın Bakı Regional Bölməsinin sektor müdiri Ülviyyə Cəlilovanın sözlərinə görə, monitorinqlər zamanı bəzi kəsim məntəqələrində qida təhlükəsizliyi və baytarlıq nəzarəti sahəsində qüvvədə olan texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
Bildirilib ki, aşkar olunan nöqsanların aradan qaldırılması məqsədilə sahibkarlara qısa müddət ərzində zəruri tədbirlərin görülməsi tapşırılıb.
Həmçinin sahibkarlardan görülmüş tədbirlərin nəticələri barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə məlumat təqdim etmələri tələb olunub.
AQTA tərəfindən bu istiqamətdə monitorinqlərin davam etdiriləcəyi bildirilib.





