
Rusiya Venesuelanın prezidenti Nikolas Maduroya ölkədən çıxacağı təqdirdə siyasi sığınacaq verməyə hazır olub.
Bu barədə “Washington Post” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, sözügedən təklif ABŞ, Vatikan və bir sıra beynəlxalq vasitəçilər arasında aparılan qapalı danışıqlar çərçivəsində gündəmə gəlib. Məlumata əsasən, Vatikan rəsmiləri mümkün qan tökülməsinin qarşısını almaq məqsədilə Maduro üçün təhlükəsiz çıxış variantlarının müzakirəsini təklif ediblər və bu kontekstdə Rusiyanın sığınacaq verməyə hazır olduğu bildirilib.
Qəzet qeyd edir ki, Moskva Maduro və onun ailəsinin təhlükəsizliyinə təminat vermək niyyətində olub. Lakin danışıqlar nəticəsiz qalıb və bu plan reallaşmayıb.
Rəsmi Moskva və Karakas məsələ ilə bağlı hələlik açıqlama verməyib.





