
Bakının Xətai rayonunda təhlükəli hadisə baş verib. Rəşid Bağırov küçəsi, 36 ünvanında yerləşən ikimərtəbəli fərdi yaşayış evinin döşəməsi çöküb.
Ev sahibinin bildirdiyinə görə, problemin əsası hələ 2016-cı ildə qoyulub. Qonşu həyətdə yerləşən evdə su borusunun partlaması nəticəsində axan sular illərdir onların evinin zirzəmisinə dolub. Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, problem aradan qaldırılmayıb.
Nəticədə torpaq layları yuyulub, evin alt hissəsində boşluqlar yaranıb və döşəmə çöküb. Hadisədən sonra evin istismarı təhlükəli hesab edilib və ailə üzvləri yaşayış yerini tərk etmək məcburiyyətində qalıblar.
Sakinlər bildirirlər ki, ev kollektor xəttinin üzərində inşa olunduğundan vəziyyət daha da ağırlaşıb və istənilən an daha ciddi çökmə riski var. Hazırda ev qəzalı vəziyyətdədir.
Məsələ ilə bağlı müvafiq qurumların əraziyə baxış keçirməsi və təhlükənin aradan qaldırılması gözlənilir.





