
Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Qanuntv.az-ın apardığı araşdırmaya görə, hadisə Bakı–Qazax magistral yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “VAZ-21011” markalı minik avtomobili hərəkətdə olarkən sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb.
Qəza nəticəsində avtomobildə olan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Xidmətinin xilasediciləri cəlb olunub. Avtomobildə sıxılmış vəziyyətdə qalan xəsarət alan şəxslər çıxarılaraq təcili tibbi yardım briqadalarına təhvil verilib.
Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.





